Aranzəmin kəndi Xocalı rayonunda, Qarabağ silsiləsində, Naxçıvanlı
kənd inzibati ərazi dairəsində dağətəyi ərazidə yerləşir. Mütləq hündürlüyü 845 m-dir. Kənd bir müddət Mirzəbuyi
(Mirzənin yurdu) da adlanmışdır. Bəzi məlumatlara görə, kəndin əsl adı
Mirzəboyun olub. Bir çox tədqiqatçıların fikrincə, VI əsrdə alban hökmdarı
Varazın burada iqamətgahı olduğu üçün kənd müəyyən müddət Varazabun
adlanmışdır. Kəndin əhalisinin XIX əsrin əvvəllərində İrandakı Qaradağ
mahalından gəlmə ermənilər olması məlumdur. Aranzəmin toponimi “aran yeri”
mənasındadır və şübhəsiz ki, özündə türkdilli aran (uran/oran) etnonimini əks
etdirir. Aran adlı, Yevlax rayonunda qəsəbə, Lerik və Tovuz rayonlarında kənd var.İqlimi mülayim istidir. Əsasən aran zonada olduğuna görə burada havalar isti keçir. Aranzəmin kəndinin dörd bir tərəfi meşəlik və əkin yerlərindən ibarətdir. Meşəliyin sahəsi isə 0.12 kv km-dir. Bu meşədə nadir ağaclar var. Aranzəmin kəndində 1987-ci ildə qazıntı işləri aparılmışdır və buradan qədimi saxsı qablar tapılmışdır. Kənd 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Aranzamin kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.Mənbə: "Müqəddəs yurd: Xocalı" kitabına və wikipedia səhifəsinə istinad edilmişdir.